“Standard İnsurance”-dan şikayətlərin sayı digərlərindən daha çoxdur – Xəyal Məmmədxanlı

14:11 - 1.11.2019


1 noyabr, Fineko/abc.az.  Son dövrlər “Standard İnsurance” şirkətinin dəymiş ziyana görə, ödənişləri vaxtında etməməsi və ya müxtəlif  bəhanələrlə boyun qaçırması haqlı narazılığa səbəb olub. Bu isə şirkətin sığorta yığımlarına da təsir edib. 

Belə ki, bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sektorunun yanvar-sentyabr ayları üçün açıqladığı maliyyə göstəricilərində şirkətin yığımlarının 5% azaldığı açıq görsənir. 

Bəziləri şirkətin müştərilərinin ödənişləri vaxtında verməməsi və sığorta yığımlarının azalmasını “Standard İnsurance”-in bağlanma mərhələsində olması ilə əlaqələndirir.  Bəs görəsən şirkət doğurdanmı bağlana bilər?

Bütün bu məsələlərə aydınlıq gətirmək üçün sığorta üzrə ekspert Xəyal Məmmədxanlıya müraciət etdik. 
Ekspert ABC.AZ saytına açıqlamasında adıçəkilən şirkətdən narazılıqların olduğunu gizlətmədi. X. Məmmədxanlı bunun səbəbini belə izah etdi: “Standard İnsurance” şirkətindən şikayətlərin sayı digərlərindən daha çoxdur. Bu da son dövrlərdə, xüsusilə “Standard Bank”ın fəaliyyətini dayandırmasından sonra baş verən proseslərlə birbaşa bağlıdır. Hesab edirəm ki, “Standard İnsurance” ən qısa zamanda rebrendinqə getməli və rəhbərlikdə, o cümlədən komandada müvafiq islahatlar aparmalıdır. Kapitalla bağlı problemlərini həll etməlidir. Bunlar baş versə, ən qısa zamanda dirçəlməsi labüddür. Normal bir keçmişə və tarixə sahib olan bir şirkətin bağlanmasını heç keç arzu edə bilməz. Ümid edirəm ki, qısa zamanda bu tip islahatlara gedəcəklər”.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər