330x110
 

Bu il Azərbaycan şirkətləri Gürcüstanda çoxlu sayda obyekt inşa edib

04.11.2019,15:26


4 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanda ümumi sahəsi 1,9 milyon kvadratmetrlik obyektlər tikilərək istifadəyə verilib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, 9 ayda istifadəyə verilmiş tikililərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artıb. Ən çox obyekt Tbilisi, Kaxeti və Kvemo Kartli bölgələrində istifadəyə verilib.

Hesabat dövründə bələdiyyə orqanları tərəfindən ümumi sahəsi 5,6 milyon kvadratmetr olan 7,8 min obyektin tikintisinə icazə verilib. Ötən ilin 9 ayı ilə müqayisədə tikintiyə verilmiş icazələrin sayı 1,3 %, sahəsi isə 23,9 % artıb.

Maraqlıdır ki, tikinti işləri aparan şirkətlər sırasında Azərbaycan şirkətləri də var. Bu gün Gürcüstanda 10-dan çox Azərbaycan şirkəti tikinti işləri ilə məşğul olur. Bu şirkətlər tərəfindən inşa edilmiş obyektlər sırasında çoxmərtəbəli yaşayış kompleksləri, zavod və mehmanxana binaları da var.

Hazırda paytaxt Tbilisidə Azərbaycan şirkətləri tərəfindən inşa olunmuş xeyli sayda çoxmərtəbəli yaşayış binası var.

Acarıstan Muxtar Respublikası ərazisində və Kvemo Kartli bölgəsində də Azərbaycan şirkətləri və azərbaycanlı iş adamları tərəfindən inşa olunmuş çoxlu sayda otel, zavod və digər binalar var