Palata tədbir görmür ki, Mərkəzi Bank banklara ucuz kredit versin - Əkrəm Həsənov

10:57 - 5.11.2019


5 noyabr, Fineko/abc.az.  “Edilmiş dəyişikliklər reallıqda heç nəyi dəyişməyəcək”.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert Əkrəm Həsənov Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a etdiyi dəyişikliyə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, banklar onsuzda biznes kreditlərini daha riskli hesab edir. Ə.Həsənovun başqa bir fikrinə görə isə sahibkarlara daha ucuz kreditlər lazımdır: “Bankların isə ucuz pulu yoxdur. Palata tədbir görmür ki, Mərkəzi Bank banklara ucuz kredit versin. Hətta prezidentin problemli kreditlərlə bağlı 28 fevral tarixli Fərmanı ilə verilməli olan 682 mln. manat məbləğində kredit belə hələ də banklara verilməyib. Ən əsası isə istehlak kreditlərini yalnız banklar vermir. Eyni zamanda bank olmayan kredit təşkilatları da verir. Amma nədənsə Palata onlara dair heç bir tələb müəyyən etməyib. Nəhayət, problemin zirvəsi ticarət şəbəkələrinin nisyə alqı-satqı adı ilə istehlakçılara verdiyi faktiki kreditlərdir. Yəni həmin şəbəkələr banklardan biznes kreditləri götürür, mal alır və istehlakçıları kreditləşdirir. Bundan sonra bu proses daha da güclənə bilər. Nəticədə nə dəyişəcək? Heç nə! Ticarət şəbəkələri banklardan daha çox biznes kreditləri götürəcək və həmin kreditlər az riskli hesab olunacaq. Şəbəkələr isə istehlakçılara faktiki kredit verəcək, amma bu kreditlər artıq Palatanın tənzimləmə dairəsinə düşmür. Deməli, bankların “biznes” kreditləri faktiki elə istehlak kreditləri olacaq, sadəcə arada vasitəçi olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər