“Azərbaycan Beynəlxalq Bankı” maliyyə göstəricilərini açıqladı – Hesabat

14:02 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. “Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 322 milyon 987 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat bankın sözügedən dövr üçün açıqladığı maliyyə göstəricilərində qeyd olunub.

Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bankın xalis mənfəəti 1,2% artıb. Bank ötən ilin analoji dövrünü 319 milyon 128 min manat xalis mənfəət ilə bağlamışdı.

Bəhs olunan dövrdə bankın cəmi gəlirləri 434 milyon 529 min manat, cəmi xərcləri isə 184 milyon 860 min manat təşkil edib. Nəticədə bankın 249 milyon 669 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 73 milyon 317 min manatın azad olması mənfəətin 322 milyon 987 min manata yüksəlməsini təmin edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi gəlirləri 389 milyon 582 min manat, cəmi xərcləri 173 milyon 20 min manat, əməliyyat mənfəəti isə 216 milyon 562 min manat təşkil etmişdi. Həmin dövrdə ehtiyatdan 102 milyon 567 min manatın qayıtması hesabına mənfəət 319 milyon 128 min manata yüksəlmişdi.

Beynəlxalq Bankın cəmi gəlirləri 44 milyon 947 min manat və ya 11,5%, cəmi xərcləri isə 11 milyon 840 min manat və ya 6,8% artıb. Gəlirlərin xərclərdən daha çox artması bu il “Azərbaycan Beynəlxalq Bankı”nın əməliyyat mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 107 min manat və ya 15,3% daha çox olmasını təmin edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər