ARPA Peşəkar Mühasib Təşkilatıdır!

16:14 - 5.11.2019


5 noyabr, Fineko/abc.az.  Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Azərbaycanda peşəkar mühasib təşkilatı statusuna rəsmi olaraq layiq görülən ən nüfuzlu təşkilatdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyin 21 oktyabr 2019-cu il tarixli, q-02 saylı qərarı ilə peşəkar mühasib təşkilatı kimi akkreditə edilmiş ARPA 10 illik peşəkar fəaliyyətinin, ölkədə maliyyə, mühasibat uçotu və idarəetmə sahəsinə verdiyi töhfələrin və üzvlərinin etimadı nəticəsində bu uğura nail olmuşdur.

ARPA ölkədə peşəkar mühasib səviyyəsinin əldə edilməsi prosesində mühüm maarifləndirmə tədbirlərini həyata keçirməklə yanaşı, yalnız ARPA-ya məxsus olan və ən son mühasibat uçotu və maliyyə hesabatlarının beynəlxalq standartlarını özündə ehtiva edən tədris materialları əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək peşəkar mühasib sertifikasiya imtahanlarına hazırlığı təşkil edir. Qeyd etmək lazımdır ki, ARPA-nın bu sahədə mövcud olan təcrübəsi Dünya Bankı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən “Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi” (CAPSAP) çərçivəsində əldə etdiyi peşəkar təşkilat statusuna və “Mühasiblərin Peşəkar Sertifikasiyası” təcrübəsinə əsaslanır.  

ARPA və BMK birgə çoxsaylı korporativ idarəetmə üzrə qiymətləndirmə layihələri həyata keçirmişlər. Hal-hazırda ARPA BMK tərəfindən həyata keçirilən Regional Korporativ İdarəetmə Layihəsinin üzvüdür. ARPA BMK-nın dəstəyi ilə “Qadınlar idarəetmədə”, “Risklərin İdarəolunması təlimi” kimi tədbir və seminarlar keçirmişdir

Məlumdur ki, milli qanunvericilikdə edilən dəyişikliklər “Peşəkar mühasib” olmaq üçün iki əsas tələbin  ödənilməsini zəruri edir. Bunlardan birincisi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək peşəkar mühasib sertifikasiya imtahanlarında iştirak edərək sertifikat almaq, digəri isə peşəkar mühasib təşkilatında üzvlükdür. Bu iki tələbdən birini ödəməyən baş mühasiblərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət reyestrinin aparılması mümkün olmayacaq və nəticə etibarilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il tarixli 464 saylı qərarında göstərilən müddətədək “peşəkar mühasib” olmayan baş mühasiblər öz fəaliyyətlərini davam etdirə bilməyəcəklər.

Bu prizmadan yanaşdıqda ARPA-nın peşəkar mühasib təşkilatı statusu və birbaşa bununla bağlı olan fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan fəaliyyət çərçivəsində ARPA mühasiblərin imtahana hazırlıq prosesini təşkil edir, dəstəkləyir və onları bütün zəruri vasitələrlə təmin edir, peşəkar təşkilata üzvlüklə bağlı bütün məlumatları dolğun şəkildə ictimaiyyətə çatdırır və üzvlük prosedurlarını sadələşdirməklə bu xidmətin daha əlçatan olmasını təmin edir. Vahid təşkilatda birləşən mühasiblər mühasibat uçotu və maliyyə hesabatlarının beynəlxalq standartlarında və həmçinin milli qanunvericilikdə müvafiq sahədə baş verən dəyişikliklərdən vaxtında xəbərdar olur, ARPA tərəfindən təşkil olunan təlim, seminar, forum və digər tədbirlərdə iştirak etməklə, bilik və bacarıqlarını təkmilləşdirir və ən əsası, üzvlüyün verdiyi üstünlüklərdən yararlanmaqla peşəkar şəbəkənin ayrılmaz tərkib hissəsinə çevrilir.

 


Bütün xəbərlər