Hazırda 4G ilə bağlı işlər aparılır, yayımın dairəsi genişləndirilir - Elmir Vəlizadə

14:45 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Keyfiyyətli xidmət göstərməyə mobil operatorlarının özləri birbaşa məsuliyyət daşıyırlar.

ABC.AZ xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə  "IV Beynəlxalq bankçılıq Forumu -Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru"  tədbirindən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

O, qeyd edib ki, təmsil etdiyi nazirlik  tənzimləyici qurum olaraq onların bu sahədə fəaliyyətinə nəzarəti həyata keçirir: “Nazirliyə daxil olan belə müraciətlər və şikayətlərlə bağlı tədbirlər görülür. Ancaq ümumilikdə ölkənin, yaxud Bakının hansısa ərazisində, hər hansı zonalarda yayım aşağıdır, yaxud o ərazidə müəyyən səbəbdən yayım mövcud deyilsə, bu, həmin şirkətlərin bilavasitə diqqətində olmalıdır. Həmin mobil şirkətlər maraqlıdır ki, istifadəçiləriə daha keyfiyyətli xidmət göstərsinlər. Nazirliyə bu barədə müraciətlər daxil olanda, biz hökmən həmin müraciətləri mobil operatorlara yönəldir, onların bu sahədə addım atmasına nəzarət edirik. Əgər vətəndaşlar yayımın olmadığı belə əraziləri bilirlərsə, bunu nazirliyə bildirə və biz həmin müraciətləri mobil operatorlara yönəldə bilərik”.

E. Vəlizadə 4G ilə bağlı işlərə də toxunub:"Hazırda 4G istiqamətində işlər aparılır, yayımın dairəsi genişləndirilir. Ola bilər ki, müəyyən texniki səbəbdən belə problemlər olur”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər