“ASK Şüşə” “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzaladı

10:55 - 7.11.2019


7 noyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC ixrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədilə Gürcüstanda fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb.

 Bu barədə şirkət məlumat verib.

Qeyd olunur ki, müqaviləyə əsasən, “ASK Şüşə” MMC cari ilin sonunadək həmin şirkətə “Coca-Cola” və “Fanta” içkilərinin qablaşdırılması üçün 2 milyon 600 min ədəd şüşə tara ixrac edəcək. Razılaşmaya əsasən, 2020-ci il üçün daha böyük həcmli (ilkin sifariş proqnozu 10-20 milyon ədəd) şüşə taranın istehsalına dair müqavilənin bağlanması nəzərdə tutulur.

Hazırda müəssisədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində məhsul istehsalında istifadə olunan xammalın keyfiyyəti “ASK Şüşə” MMC-nin texniki nəzarət laboratoriyasında yoxlanıldıqdan sonra Gürcüstana göndərilib və orada bütün lazımi sınaqlardan uğurla keçib. Son mərhələdə isə xammalın fiziki-kimyəvi göstəriciləri İtaliyada yoxlanılaraq dünya standartlarına cavab verdiyi təsdiqlənib.

 

Bütün xəbərlər