Palatanın funksiyalarının Mərkəzi Banka qaytarılmasının tərəfdarıyam - EKSPERT

12:42 - 7.11.2019


7 noyabr, Fineko/abc.az. Kiçik ölkələrdə Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) ayrı olması arzuolunan deyil.

Bunu ABC.AZ-a özəl açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

O qeyd edib ki, sözügedən tendensiya daha çox böyük dövlətlərdə olur. “Hansı ki, maliyyə iştirakçıları daha çoxdur” deyə S.Əliyev deyib: “Amma Azərbaycan kimi kiçik ölkələrdə hesab edirəm ki, Palatanın olması bir qədər də uğurlu deyil və bunun Mərkəzi Bankın nəzdində olması daha faydalı ola bilər. Eyni zamanda təəssüf ki, Palatanın çatışmazlıqlarından biri də bazanın olmamasıdır. Palatanın statistikası arzuolunan səviyyədə deyil. Müraciət edəndə məlumatları araşdırmacı olaraq əldə edə bilmirik. Ümumiyyətlə məlumatların əks olunduğu baza çox zəifdir. Palata gələcəkdə bu məsələyə diqqət yetirməlidir. Azərbaycanda Palatanın olmasını faciə kimi qəbul etmirəm, amma onun Mərkəzi Bankla birləşərək vahid qurum formasında, daha optimal qiymətləndirirəm. Mən Palatanın tənzimləmə və nəzarət funksiyalarının Mərkəzi Banka qaytarılmasının tərəfdarıyam”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər