330x110
 

Rayonların su pasportları hazırlanır - Qorxmaz Hüseynov

07.11.2019,17:12


7 noyabr, Fineko/abc.az. Azərbaycanda su təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biridir.

ABC.AZ xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransı zamanı deyib.

“Azərsu” sədri qeyd edib ki, sözügedən istiqamətdə prezident tərəfindən müvafiq dövlət proqramları təsdiq olunub. “Həmin proqramlar regionları, o cümlədən Bakı şəhərini və Abşeron yarımadasını da əhatə edir” deyə Q. Hüseynov əlavə edib. Onun sözlərinə görə, bu proqramlar ardıcıl şəkildə icra olunur və irimiqyasli layihələr həyata keçirilir: “Bu vaxta qədər 50 rayonda işlər başlanıb və artıq 30 rayonda proses başa çatıb. Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır. Həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və sair kimi parametrlər öz əksini tapacaq. Regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayırıq. Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30 faizdən 81,5 faizə çatdırılıb”.

Müəllif: Elmir Murad