Nazir gələn il üçün inflyasiyanın həcmini açıqlayıb - Milli Məclisdə

15:44 - 12.11.2019


12 noyabr, Fineko/abc.az. İxrac potensialının həyata keçirilməsində qeyri-neft sənayesi xüsusi əhəmiyyətə malikdir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə bu gün keçirilən büdcə müzakirələri zamanı deyib.

Nazir bildirib ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. O, bunu belə əsaslandırıb: “Ümumi Daxili Məhsulun gələn il 3 faiz, növbəti illərdə isə 3,3 faiz artacağı proqnozlaşdırılır. Gələn il üçün inflyasiya 4,6 faiz, sonrakı il üçün isə 4 faiz ətrafında olacağını ehtimal edirik. 2002-ci il neft-qaz sektorunda 1,6 faiz, növbəti illərdə isə 3 faiz artım gözlənilir. Bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 16,6 faiz artıb. Növbəti ildə aqrar sektorda 4,8 faiz, sonrakı 3 ildə orta hesabla 4,3 faiz artım gözlənilir”.

M.Cabbarov Azərbaycandakı “kölgə” iqtisadiyyatına da toxunaraq, həyata keçirilən islahatlardan danışıb: “Növbəti ildə proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər