SOCAR çalışmalıydı ki, maye qazın qiyməti bu qədər artmasın – Ekspert

10:47 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Azərbaycan mavi qaz istehsal və ixrac edən ölkə olduğu üçün Dövlət Neft Şirkəti çalışmalıdır ki, yaxın zamanlarda maye qazın (LPG) qiymətini optimallaşdırmağa, azaltmağa nail olsun.

Bunu ABC.AZ-a bir neçə gün əvvəl maye qazın (LPG) qiymətinin bahalaşmasına münasibət bildirərkən  İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov  deyib.

Azərbaycan enerji ölkəsidir və enerji məhsulları ixrac edir deyən V.Bayramov hesab edir ki, praktik olaraq yeni texnologiyanı transfer etməklə Azərbaycanda maye qazın istehsalının təşkil edilməsi və xüsusən Avro 5 standartlarına uyğun istehsalın həyata keçirilməsi mümkündür: “Ona görə də hesab edirəm ki, Dövlət Neft Şirkəti tərəfindən bu istiqamətdə daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Birmənalı şəkildə Azərbaycanda enerji məhsullarının qiymətinin yüksək olması arzuolunan deyil və Dövlət Neft Şirkəti çalışmalıdır ki, növbəti dövrdə qiymətlərin azalmasına nail ola bilsin. Qeyd edim ki, Dövlət Neft Şirkəti tərəfindən xərcin artması ilə bağlı açıqlamaya rəğmən şirkət çalışmalıydı ki, məhz qazın qiymətində bu qədər artım baş verməsin. Söhbət 44 faiz artımdan gedir. Bu kifayət qədər böyük artımdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanda maye qazın (LPG) satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər