Mikayıl Cabbarov: Azərbaycan BƏƏ iqtisadiyyatına 350 milyon dollardan çox sərmayə yatırılıb

17:00 - 13.11.2019


13 noyabr, Fineko/abc.az. Bu vaxtadək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar, Azərbaycandan isə BƏƏ-yə 350 milyon dollardan çox sərmayə yatırılıb.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda BƏƏ-nin İqtisadiyyat naziri, Komissiyanın həmsədri Sultan bin Səid Əl-Mansuri ilə görüşdə deyib.

İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və sair sahələrdə 340-dan çox BƏƏ şirkəti qeydiyyata alınıb. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 38 faiz artıb. Artım tendensiyası bu ilin 9 ayında da davam edib və 22,5 faizlik artım müşahidə olunub.

Həmin gün Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə ticarət, sərmayə, sənaye, energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, nəqliyyat, rabitə və yüksək texnologiyalar, innovasiya və rəqəmsallaşdırma, turizm, mədəniyyət, təhsil və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər