Palatada beynəlxalq görüş – Gələcək əməkdaşlıq müzakirə edilib

14:24 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Müriel Peneveyre, SECO-nun Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru xanım Daniyel Myuli arasında görüş keçirilib.

ABC.AZ xəbər verir ki, görüşdə Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, bu hədəfləri özündə ehtiva edən strateji yol xəritələri barədə məlumat verib, maliyyə sektorunun inkişafına dair strateji yol xəritəsinin icrasında Palata ilə SECO-nun birgə əməkdaşlığından danışıb. Eyni zamanda , kənd təsərrüfatının kreditləşməsi və biznes fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər fonunda İpoteka və Kredit Zəmanət Fondu, Özəl Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (DƏYDR), Aqrar Sığorta Fondunun yaradıldığı, qanunvericiliyin təkmilləşdirildiyi qeyd olunub.

Bildirilib ki, DƏYDR vasitəsilə əsas aktivləri daşınar əmlakdan ibarət olan kiçik sahibkar və fermerlər bu əmlakları yüklü etməklə biznes kreditləri götürmək və öz təsərrüfatlarını daha da genişlətmək imkanı əldə ediblər. Belə ki, Reyestr yaradıldığı müddətdən ötən dövr ərzində istifadəçilər tərəfindən 60 mindən artıq axtarış edilib, öhdəliyin ümumi həcmi 6 mlrd. manatdan çox olan 40 mindən artıq bildiriş Reyestrə daxil edilib.

Daha sonra, SECO-nun Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Daniyel Myuli çıxış edərək hazırda SECO-nun Cənubi Qafqaz ölkələri üzrə 4 illik (2021-2024) strateji planının hazırlandığını və SECO-nun dəstək göstərə biləcəyi sahələr üzrə Palatanın təkliflərinin təqdim edilməsini xahiş edib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər