TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək

12:13 - 18.11.2019


18 noyabr, Fineko/abc.az. TANAP boru kəmərinin ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək.

Bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez deyib.

O bildirib ki, Türkiyənin iştirakı ilə reallaşdırılan layihələr Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. TANAP da bu layihələrdən biridir. Noyabrın 30-da boru kəmərinin ikinci fazasının açılışı planlaşdırılır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.

Bu il boru kəməri ilə 1,8 milyard kubmetrədək qaz nəq olunub. Türkiyə bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

© Azertag.az

 

Bütün xəbərlər