330x110
 

İşsizlikdən sığorta ödənişinin orta məbləği açıqlanıb – 286 manatdan çox olub

20.11.2019,16:05


20 noyabr, Fineko/abc.az. Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu il noyabrın 1-i vəziyyətinə görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 196,9 min nəfər olub. Onlardan 4 milyon 945,1 min nəfərini məşğul əhali təşkil edib.

 Bu il oktyabrın 1-nə ölkədə muzdla işləyənlərin sayı 1 milyon 639,1 min nəfər olub ki, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə özəl sektorda çalışıb. İqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 604,1 min nəfər işləyib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

2019-cu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 78 min 711 nəfərə çatıb. Onların 36,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 286,5 manat olub.

 

Müəllif: Elmir Murad