“Caspian European Club” biznes-tur təşkil edib

11:25 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. 2019-cu il noyabrın 20-də biznes-tur çərçivəsində Caspian European Club üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində İnnovasiyalar Mərkəzinə baş çəkiblər. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Şirkətlərə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə məlumat təqdim olunub. Xüsusilə Elektron Hökumətin İnkişafı Mərkəzinin təqdimatı keçirilib. Biznes-tur çərçivəsində şirkətlər həmçinin “ASAN xidmət” Çağrı Mərkəzinin və “ASAN Radio”nun fəaliyyəti ilə tanış olublar.

“Biznes-tur iştirakçılarına interaktiv formatda Mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Qeyri-rəsmi şəraitdə Caspian European Club üzvlərinin Mərkəzin rəhbərliyi ilə görüşü təşkil olunub. Görüşdə biznes-tur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tərəflər əməkdaşlıq imkanları barədə müzakirələr aparıb, ilkin razılıq əldə ediblər”, - deyə Telman Əliyev qeyd edib.

Telman Əliyev bildirib ki, Caspian European Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlıq qurmaq imkanları ilə daha ətraflı tanış olmaları məqsədilə ənənəvi olaraq iş adamları üçün bu cür biznes-turlar təşkil edir. İl ərzində ondan artıq biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA-nın Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, “Gazelli Group” kosmetika şirkətinin fabrikinə, Debet Safety şirkətinin fabrikinə və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşklatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya və Latviyada səlahiyyətli nümayəndələri var.

Bütün xəbərlər