İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hesabat verdi – 9 AYLIQ

14:10 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Bu ilin ilk doqquz ayı ərzində icbari tibbi sığortanın tətbiq olunduğu pilot tibb müəssisələrində (Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon Mərkəzi Xəstəxanaları) xəstəxanalara 430 min 926 müraciət daxil olub.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (Agentlik) qurumun 2019-cu ilin yanvar-sentyabr aylarındakı fəaliyyətinin nəticələrinə həsr olunmuş iclasda bildirilib.

Toplantıda qeyd olunub ki, onların 271 min 66-sı (62.9%) ambulator, 16 min 713-ü (3.9%) stasionar və 102 min 340-ı (23.7%) laboratoriya xidmətləri, 40 min 776-sı (9.5%) isə təcili və təxirəsalınmaz tibbi yardım almaq üçün edilən müraciətlərdir. Həyati vacib-dəyəri yüksək olan xidmətlər üzrə edilən müraciətlərin sayı isə 31 olub. Ümumilikdə sözügedən tibb müəssisələri tərəfindən vətəndaşlara 1 milyon 711 min 331 sayda müxtəlif tibbi xidmət göstərilib. İcbari tibbi sığortanın baza zərfi çərçivəsində 7 min 428 sayda cərrahi əməliyyat icra olunub.

Hesabat dövrü ərzində Agentliyə daxil olan 2379 vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. Agentliyin rəhbərliyi tərəfindən 18, vəzifəli şəxsləri tərəfindən 175 olmaqla ümumilikdə 193 vətəndaş qəbul edilib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər