İcbari tibbi sığortanın tətbiqi istiqamətində hansı işlər görülür? – Yeni infrastruktur qurulur

14:07 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi gələn il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

ABC.AZ xəbər verir ki, bu məqsədlə gələn ildən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması işlərinə başlanılıb.

Belə ki, artıq bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur. Qeyd edək ki, proqram təminatı vasitəsilə vətəndaşın elektron qaydada qeydiyyatının aparılması pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostik və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Həmçinin vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər