330x110
 

İcbari tibbi sığorta niyə mərhələli tətbiq olunacaq? - Həkim çatışmır

25.11.2019,11:16


25 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi gələn ilin yanvarın 1-dən tətbiq olunacağı gözlənilən icbari tibbi sığortanın ölkədə tətbiqi ilə bağlı əvvəlcədən açıqlanan qrafik və sığorta ilə əlaqədar bəzi qaydalar dəyişib.

Bunu İcbari Tibbi Sığorta Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev açıqlayıb.

ABC.AZ xəbər verir ki, agentlik sədri bundan başqa, vətəndaş axınını tənzimləmək və sui-istifadə hallarının qarşısını almaq üçün müştərək maliyyələşmə mexanizmi tətbiq ediləcəyini də qeyd edib.

Z. Əliyevin sözlərinə görə, ölkə üzrə rayonlar qruplaşdırılaraq tibbi ərazi bölmələrinə ayrılacaq. Hər bir qrupa 6-ya yaxın rayon daxil olacaq və vətəndaşın bu əraziyə daxil olan istənilən rayonda istədiyi həkimi seçmək hüququ olacaq.

Qeyd edək ki, indiyədək müzakirə olunan variantda vətəndaşın bütün ölkə üzrə istədiyi xəstəxana və həkimi seçmək hüququnun olacağı bildirilirdi.

İcbari tibbi sığortanın tətbiqi, ümumiyyətlə «Tibbi Sığorta haqqında» qanuna ediləcək əlavə və dəyişikliklər həftənin sonunda, istirahət günü olsa da, şənbə günü, noyabrın 23-də Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilib. İclasda deyilib ki, qanuna 126 əlavə və dəyişikliak ediləcək və bu yeniliklər o qədər əhəmiyyətlidir ki, 1999-cu ildə qəbul edilmiş qanun tamamilə dəyişəcək.

İcbari sığortanın niyə əvvəl elan edildiyi kimi, yanvarın 1-dən etibarən bütün ölkə ərazisində deyil, mərhələ-mərhələ tətbiqinin səbəbi hələ açıqlanmasa da, millət vəkillərinin çıxışından məlum olur ki, əsas məsələlərdən biri kadr – həkimlərin işə cəlbidir.

Bundan başqa, Azərbaycanda yeni tibb müəssisələrinin inşa edilməsi üçün Dünya Bankı ilə danışıqlar aparılır. «Tibbi sığorta haqqında» qanuna dəyişiklik edilməsi üçün qanun layihəsi plenar iclasa tövsiyə edilib.

Müəllif: Elmir Murad