Bakı-Kiyev-Bakı reysləri “Borispol” hava limanına həyata keçirəcək

17:17 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. 2020-ci il yanvarın 22-dən etibarən Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Kiyev istiqamətindəki reyslərini “Borispol” beynəlxalq hava limanına həyata keçirəcək.

Xəbər verilir ki, daha öncə reyslər “Julyanı” aeroportuna yerinə yetirilirdi. Martın 27-dək qüvvədə olan 2019/2020-ci il qış uçuş cədvəli çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçiriləcək. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.

“Borispol” beynəlxalq aeroportu Ukraynanın ən böyük hava limanıdır və Kiyevdən 29 kilometr cənub-şərqdə yerləşir. Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri “Borispol” aeroportuna həyata keçirir, bu da öz növbəsində “Buta Airways”in sərnişinlərinə daha rahat birləşmələr planlaşdırmağa imkan verəcək.

Qeyd olunur ki, biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.

 

Bütün xəbərlər