330x110
 

İcbari tibbi sığorta barədə yeni təkliflər - 20 regionda tətbiq olunacaq

26.11.2019,11:40


26 noyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib.

ABC.AZ xəbər verir ki, İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir.

Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir.

Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.

 

Müəllif: Elmir Murad