Bakı əhalisinin icbari tibbi sığortadan istifadə edəcəyi tarix AÇIQLANDI

14:32 - 26.11.2019


26 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib.

ABC.AZ bundan əvvəl sizə sözügedən sığorta növü ilə bağlı təklif edilən 3 mərhələni təqdim etmişdi. İndi isə 4-cü mərhələni təqdim edirik. Dördüncü mərhələnin oktyabr-dekabr aylarında tətbiq olunacağı nəzərdə tutulub.

Belə ki, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən sözügedən tarixlərdən etibarən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir. 

Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək.

Qeyd edək ki, Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər