Avtomobil sığortası ödənişləri bu dəfə də artıb - Hesabat

14:00 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-oktyabr ayları üzrə sığorta bazarının göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabatda qeyd olunub ki, icbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% və ya 17.1 mln. manat artıb.

Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri daşınmaz əmlakın icbari sığortası (20% və ya 5.1 mln. manat artım), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (4% və ya 3.5 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1 mln. manat artım) növləri olub. Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 27% (8 mln. manat) artım olub.

Keçən ilin 10 ayı ilə müqayisədə ödənişlərdə  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.8 mln. manat  və həyatın yaşam sığortası 2.6 mln. manat artım olub. Azalma isə əsasən ümumi mülki məsuliyyətin sığortası (0.8 mln. manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (0.5 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (1.8 mln. manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər