İmtiyazlı əhalinin sığorta haqqını dövlət ödəyəcək - Departament rəhbəri

10:39 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin böyük bir hissəsi dövlət tərəfindən qarşılanacaq.

ABC.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn icbari tibbi sığortanın tətbiqi barədə danışarkən deyib.

Onun sözlərinə görə, hamı ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardımdan istifadə edəcək. “Xüsusən də imtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək” deyə R. Hüseyn qeyd edib. Departament rəhbəri əlavə edib ki, dövlət tərəfindən 18 yaşına çatmamış uşaqlar, əyani təhsil alan tələbələr, işləməyən təqaüdçülər və aztəminatlı ailələr də diqqətdə saxlanılacaq: “Məhz burada bir nüansı da nəzərə alaq ki, 2020-ci ilin dövlət büdcəsinin layihəsində “Səhiyyə” bölməsi üzrə bu ilin gözlənilən icra göstəricindən 34 faiz çox vəsait nəzərdə tutulub. Gələn il səhiyyə ilə bağlı xərclərin cəmi büdcə xərclərində xüsusi çəkisi 2019-cu ilin müvafiq göstəricisindən 1 faiz çox olmaqla 5,1 faiz təşkil edəcək. Bu artımın özü də dövlətin əhalinin daha yaxşı səhiyyə xidmətlərinə çıxışını təmin etmək məqsədini daşıyır. Digər vətəndaşlar üçün də sığorta haqlarının ədalətli olması istiqamətində iş aparılır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər