Palatanın vahid qurum olaraq Mərkəzi Bank şəraitində fəaliyyət göstərməsi məqsədəuyğundur - Ekspert

12:10 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi noyabrın 28-də prezidentin imzaladığı Sərəncamla Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib.

Əmlakı və səlahiyyətləri isə Mərkəzi Banka verilib. Sərəncəma qədər bir çox iqtisadçı ekspertlər bu barədə mesajlar verir və Palatanın ləğv olunacağını proqnozlaşdırırdılar. Mütəxəssislər bunu Palatanın gözlənilən ümidləri doğrultmaması ilə əlaqələndirirdilər.

Bəs görəsən bundan sonra necə olacaq, Mərkəzi Bank həm öz, həm də Palatanın ona həvalə edilmiş səlahiyyətlərinin öhdəsindən gələ biləcəkmi?

Bu sualla bank sektoru üzrə ekspert Əkrəm Həsənova müraciət etdik.

Ekspert ABC.AZ-a məsələ ilə bağlı bildirdi ki, bütövlükdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Bankdan əlahiddə, ayrı bir qurum olması daha optimal təcrübədir. “Çünki Mərkəzi Bank pul siyasəti ilə məşğul olmalıdır, nəzarətlə məşğul olmamalıdır” deyə Ə. Həsənov fikrini belə izah etdi.

Onun sözlərinə görə, böhran dövründə, yəni 2016-cı ildə bunu etmək riskli idi. Burada güclü kadrlar, vahid komanda lazım idi: “Bu olmadı, yəni buna görə məhz Palata eksperimenti özünü doğrultmadı. Mən 2016-cı ildə Palatanın təsis sənədlərinin nizamnaməsinin hazırlanmasında iştirak edən ekspertlərdən biriyəm. O zaman bəzi məsləhətlərim qəbul olunmadı və sonradan elə o problemlər də üzə çıxdı və Palata fəaliyyət göstərə bilmədi. Sonradan ora tamamilə işə aidiyyatı olmayan çox savadsız kadrlar gətirildi. Böhran bitməyib və daim problemlər ortaya çıxır. Son illərdə Palatanın da, Mərkəzi Bankın da münasibətləri çox pis idi. Problemlər səngimirdi. Buna görə də Azərbaycanda Palatanın böhran dövründə vahid qurum olaraq Mərkəzi Bank şəraitində fəaliyyət göstərməsi daha məqsədəuyğundur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər