“Azərsu” Ağcabədidə su və kanalizasiya şəbəkələrinin tikintisini yekunlaşdırıb

16:12 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. “Azərsu” ASC-dən verilən məlumata görə Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, hazırda tullantı sutəmizləyici qurğuda son tamamlama işləri aparılır.

Bildirilir ki, tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Ağcabədi şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankının birgə layihəsi çərçivəsində şəhərin içməli su təchizatı infrastrukturu yenidən qurulub. Ağcabədi şəhərini içməli su ilə təmin etmək üçün 14 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərədək 30 km magistral su xətti və ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Ağcabədi şəhərində icra olunan layihədən  45 minədək sakin faydalanıb.

 “Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Hazırda Ağcabədi şəhəri ilə yanaşı, Ağdaş, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində də belə qurğular inşa olunur.

 

Bütün xəbərlər