Yanvarın 1-dən spirtli içkilərin aksiz dərəcəsinin artımı qüvvəyə minəcək

12:43 - 3.12.2019


3 dekabr, Fineko/abc.az.  "2020-ci il yanvarın 1-dən , içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün  tətbiq edilən vergi dərəcələrinin artımı nə istehlakçıların xərclərinə, nədə  istehsalçıların istehsal həcminə əhəmiyyətli dərəcədə təsir etməyəcək ".

Bu sözləri dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı keçirilən brifinqdə nazirliyin Vergi Siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

Qeyd edək ki, dəyişikliklərə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata, konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,4 manata, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata dəyişdirilir, energetik içkilərin hər litri üçün aksiz vergisi 3,1 manat səviyyəsində müəyyən edilib.

Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması nəzərdə tutulur.

 

Bütün xəbərlər