“Günay Sığorta” haqlarında yayılmış məlumatı təkzib etdi - AÇIQLAMA

12:04 - 4.12.2019


4 dekabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi “Günay Sığorta” şirkətinin ötən ilin 10 ayı ilə müqayisədə geriləməsi barədə məlumatlar yayılıb.

ABC. AZ xəbər verir ki, şirkət yayılmış məlumatlarla bağlı açıqlama yayaraq qeyd edib ki, “2019-cu il ərzində “Günay Sığorta” fəaliyyət istiqamətlərinin və satış kanallarının genişləndirilməsinə, sığorta portfelinin zərərlilik dərəcəsinin tənzimlənməsinə, əməliyyat fəaliyyəti üzrə mənfəət generasiyasına, yeni korporativ standartların tətbiqinə, bununla yanaşı qarşıya qoyulan bütün hədəflərə nail olub. 2018-ci ilin ilk 10 ayı ilə müqayisədə şirkətin yığımlarında artım müşahidə olunub.

 Belə ki, 2018-ci ilin 10 ayında 5 milyon 253 min 237 manat sığorta haqqı toplayan şirkət, 2019-cu ilin 10 ayında 5 milyon 996 min 178 manat  sığorta haqqı toplayıb. Şirkətin effektiv idarəetmə siyasəti, zərərliliyin düzgün tənzimlənməsi və zərərli fəaliyyət növlərindən geri çəkilməsi nəticəsində sığorta ödənişləri də azalıb. Belə ki, 2018-ci ilin 10 ayı üzrə 2 milyon 726 min 413 manat sığorta ödənişi edən şirkət 2019-cu ilin 10 ayında 1 milyon 497 min 99 manat sığorta ödənişi həyata keçirib.

Qeyd edək ki, “Günay Sığorta” maliyyə göstəriciləri barədə məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının statistik hesabatında qeyd olunub. Sonradan məlum olub ki, statistik göstəricilərdə texniki səhv olaraq şirkətin 9 aylıq yığımı 10 aylıq yığımı kimi təqdim edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər