Daha bir yenilik - Gələcəkdə hotellərin saytından nömrə bron etmək mümkün olacaq

16:11 - 4.12.2019


4 dekabr, Fineko/abc.az.  Azərbaycanda hotellərin gəlirinin cəmi 2 faizi gəlir vergisinə yönəldilir.

ABC.AZ xəbər verir ki, bu fikri Bakıda keçirilən Azərbaycan Hotel Assosiasiyasının (AHA) 2-ci Baş Assambleyasının iclasında qurumun hökumətlə əlaqə və tənzimləmə üzrə işçi qrupunun rəhbəri Elgün Məmmədov səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanda orta səviyyəli hotellərin gəlirinin 65 faizi otaq, 25 faizi iaşə, 10 faizi isə digər əlavə xidmətlər hesabına formalaşır. E. Məmmədov qeyd edib ki, belə hotellərin xalis mənfəətinin onların gəlirinə nisbəti 6 faizi ötmür: "Hotellər gəlirinin 40 faizini əməkhaqqı fonduna, 25 faizini digər fondlara, 10 faizini satış əməliyyatlarına, 9 faizini amortizasiyaya, 8 faizini qeyri-satış əməliyyatlarına, 2 faizini isə gəlir vergisinə yönəldir. Burada onlara qalan cəmi 6 faiz olur. Bu rəqəm də iş adamlarına əsas verir ki, hotel açsınlar yoxsa başqa işlə məşğul olsunlar". Tədbirdə AHA-nın turizm nöqtələri və məhsulların inkişafı üzrə işçi qrupunun rəhbəri Firuz Süleymanov isə bildirib ki, gələcəkdə bütün hotellərin internet saytından nömrə bron etmək mümkün olacaq: "Hotellər turistlərin istəklərini də nəzərə almalıdır. Tez-tez eşidirik ki, Çindən gələn turistlər daha az yağlı, Hindistandan gələn turistlər isə daha acı qidalar istəyir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər