330x110
 

Məhsullarımız Avropa İttifaqındakı kimi keyfiyyətli olacaq? – Yeni Qanun qəbul olundu

05.12.2019,12:00


5 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycanda "Texniki tənzimləmə haqqında" Qanun qəbul edilib.

ABC.AZ xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə yeni qanunla bağlı maraqlı fikirlərini bölüşüb.

O, qeyd edib ki, yeni qanunun qəbul edilməsindən sonra Azərbaycan istehlakçısı ilə Avropa İttifaqında yaşayan şəxsin istehlak edəcəyi məhsulun standartlarında fərq olmayacaq.

Başqa sözlə, Almaniyada yaşayan şəxsin öz ölkəsində qeyri-qida təyinatlı marketə daxil olarkən əldə etdiyi məhsulun keyfiyyət və standartı ilə Azərbaycan vətəndaşının istehlak etdiyi məhsula yanaşma eynilik təşkil edəcək: “İstehlakçıların hüquqlarının qorunması və bazarda haqqı olan keyfiyyətli məhsulu əldə etmək və ondan istifadəsinə inam artacaq.

Bu da ölkəmizin milli və yerli məhsullarına güvəni artıracaq. Bundan əlavə, qeyd edilməlidir ki, bu prosesdə "İctimai iştirakçılıq haqqında" Qanuna müvafiq olaraq texniki reqlamentlərin hazırlanmasında müzakirələr keçiriləcək və ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələrinin rəyləri nəzərə alınacaq.

"Texniki tənzimləmə haqqında" Qanunun qəbulu istehlakçılarla bərabər istehlakçılar qarşısında daha da məsuliyyətli olan subyektlərin, yəni sahibkarların da biznes fəaliyyətini təkmilləşdirəcək. Belə ki, sahibkarlar qeyri-qida fəaliyyəti ilə məşğul olarkən, dövlət tərəfindən müəyyənləşdirilən texniki reqlamentlərə uyğun öz məhsul, onlarla əlaqəli proseslər və istehsal proseslərini tənzimləyəcəklər.

Yuxarıda verilən şərhə müvafiq olaraq, mövcud texniki reqlamentlərin beynəlxalq reqlamentlərə uyğunlaşdırılması ilə milli texniki reqlamentlər formalaşacaq. Bu, o deməkdir ki, Azərbaycan sahibkarının istehsal etdiyi qeyri-qida malı Avropa İttifaqında istehsal olunan mallarla eyni uyğunluq səviyyəsinə malik olacaq”.

Müəllif: Elmir Murad