Azərbaycan məhsulları Avropa İttifaqının standartlarına uyğunlaşdırılıb - Departament rəhbəri

12:39 - 5.12.2019


5 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda "Texniki tənzimləmə haqqında" Qanun qəbul edilib.

ABC.AZ xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə yeni qanuna münasibət bildirərək qeyd edib ki, adıçəkilən qanun Azərbaycan məhsullarının yerli bazarda idxal məhsulları ilə birgə vahid texniki göstəricilərlə rəqabətliliyinin artırılması və xarici bazarlarda keyfiyyət bərabərliyi və daha da üstünlüyünün təmin edilməsi məqsədilə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələbləri və Avropa İttifaqının modeli üzrə mövcud standartlaşmanın tələblərinə uyğunlaşdırılıb.

Onun sözlərinə görə, ÜTT-nin və Avropa İttifaqı təcrübəsinin beynəlxalq təcrübələr arasında ən mütərəqqi olduğunu nəzərə alaraq, yerli qanunvericiliyə həmin prinsip və tələblərin təhlil olunaraq inteqrasiyası ölkəmizin qısa və ortamüddətli dövrdə xarici bazarlarda daha geniş paya sahib olmasına şərait yaradacaq. “Vahid texniki reqlament orta və uzunmüddətli dövrdə qeyri-neft sektorunun qeyri-qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsirlərini göstərəcək. Xüsusilə, qeyri-qida sahəsində fəaliyyət göstərənlərin qeyri-neft ixracatçılarının tərkibində payının daha da artırılmasına öz əhəmiyyətli və müsbət təsirlərini göstərəcək” deyə N.Hacızadə vurğulayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər