330x110
 

OPEC ölkələrinin toplantısında hər hansı qərar qəbul edilməyib

06.12.2019,14:33


6 dekabr, Fineko/abc.az. Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının 177-ci iclasında hər hansı qərar qəbul olunmayıb.

Xəbər verilir ki, iclasda qlobal neft tədarükü və aşağı tələbat məsələləri müzakirə edilib. OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirlərinin iştirak etdiyi toplantıda neft hasilatının azaldılmasına dair mövcud sazişin müddətinin uzadılıb-uzadılmaması və istehsal məhdudiyyətlərinin daha da artırılması barədə yekun qərar qəbul edə bilməyib.

İclasda sonra jurnalistlərə müsahibəsində Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud deyib ki, qeyri-OPEC ölkələrinin nümayəndələri ilə fikir mübadiləsi aparmadan hər hansı qərar qəbul etməyimiz düz olmaz. O, OPEC üzvlərinin müəyyən razılığa gəldiklərini də bildirib.

Qeyd edək ki, dünən keçirilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclasında sonra Rusiyanın Energetika naziri Aleksandr Novak OPEC-in neft hasilatının əlavə olaraq gündəlik 500 min barrel azaltmağı tövsiyə etdiyini söyləyib.

Bu gün isə OPEC və qeyri-OPEC ölkələri (“OPEC plus”) nazirlərinin 7-ci görüşü, daha sonra mətbuat konfransı keçiriləcək. İclasda Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

Xatırladaq ki, ötən ilin dekabrında OPEC-ə üzv ölkələrdə üzrə neft hasilatının gündəlik orta hesabla 800 min barrel azaldılması qərara alınıb, bu həcmin 500 min barreli Səudiyyə Ərəbistanı tərəfindən qarşılanıb.

Razılaşmaya əsasən, OPEC-ə daxil olmayan ölkələr isə neft istehsalını sutkada orta hesabla 400 min barrel azaltmağa razı olub və Rusiya bu həcmin 228 min barrelinə cavabdehlik götürüb.

© Azertag.az