330x110
 

ƏDV ödəyicilərinin sayı artıb – 22 faizdən çox

10.12.2019,16:32


10 dekabr, Fineko/abc.az. 2019-cu il 1 dekabr tarixinə respublika üzrə uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 55 min 463 olub. Onların 139 min 666-sı və ya 13,2 faizi hüquqi şəxs və digər qurumlardır.

Vergilər Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artıb. Artımın 98,6 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Hesabat dövründə kommersiya qurumlarının sayı 124 min 260 vahid təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu say 15 min 236 vahid və ya 14 faiz artıb. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 406 vahid olub. Onların sayında isə ötən illə müqayisədə 212 vahid və ya 1,4 faiz artım müşahidə edilib. 2019-cu ilin noyabr ayında 1.312 kommersiya qurumu qeydiyyata alınıb. Bu da ötən ilin noyabrında qeydiyyata alınan kommersiya qurumlarının sayından 24,6 faiz çoxdur.

Qeyd edək ki, həmin vaxt 1.053 kommersiya qurumu qeydə alınıb. İlin əvvəlindən kommersiya qurumlarının 71,4 faizi (10.474) elektron qaydada qeydiyyata alınıb. Qeydiyyatda olan kommersiya qurumlarının 39 min 917-si xidmət, 34 min 243-ü ticarət, 13 min 437 tikinti, 9 min 57-si sənaye, 8 min 78-i kənd təsərrüfatı, 3 min 871-i rabitə, 2 min 667-si nəqliyyat, 1.149-u isə maliyyə sektorunda fəaliyyət göstərirlər.

Müəllif: Elmir Murad