Müstəqillik illərində ölkəmizə qoyulan investisiyaların həcmi açıqlanıb - 270 milyard dollar

15:26 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi və bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

ABC.AZ xəbər verir ki, bunu Brüsseldə keçirilən Enerji Xartiyası Konfransının 30-cu iclasında Energetika nazirinin müavini Samir Vəliyev deyib.

Onun sözlərinə görə, bu strategiyanın uğurla reallaşdırılması nəticəsində investisiyaların həcmi 270 milyard ABŞ dolları olub. Nazir müavini bildirib ki, Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır: “Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin edərək, transmilli enerji-kommunikasiya layihələri, xüsusilə də mənbə və marşrutların diversifikasiyasına xidmət edən “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir layihə ilə qlobal enerji təhlükəsizliyi sistemində mühüm tərəfdaşa çevrilməsi məhz əlverişli investisiya mühitinin nailiyyətləridir. Azərbaycanın sərmayələri qoruyan siyasəti, xarici investorlarla səmərəli əməkdaşlıq təcrübəsi imkan verir ki, energetika sektorunda bazar münasibətlərinin formalaşdırılması, bərpa olunan enerji sahəsinin daha da inkişafı və enerji səmərəliliyi ilə bağlı hədəflərimiz uğurla həyata keçirilsin”.

Qeyd edək ki, gələn il Enerji Xartiyası Konfransına Azərbaycan sədrlik edəcək.

 

Bütün xəbərlər