330x110
 

Bu məhuslların qiyməti bahalaşıb - SİYAHI

12.12.2019,16:07


12 dekabr, Fineko/abc.az. Yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 102,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,8 faiz, qeyri-ərzaq malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,1 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, noyabrda oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 100,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9 faiz, qeyri-ərzaq malları üzrə 100,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1 faiz olub.

Noyabrda əvvəlki ayla müqayisədə düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın, armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin, çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma olub. Qatılaşdırılmış şəkərli südün, xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Müəllif: Elmir Murad