Azərbaycan Dünya Bankının kreditindən imtina etdi – Layihənin tarixi dəyişdi

11:12 - 13.12.2019


13 dekabr, Fineko/abc.az. Azərbaycan hökuməti ölkədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması (IDP Living Standards and Livelihoods) üzrə layihə üçün Dünya Bankından alınan kreditin qalan hissəsini istifadə etməkdən imtina edib və beləcə layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən bu ilin sonuna dəyişdirilib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Dünya Bankı yayıb.

Belə ki, Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51,196 milyon dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib: "Layihənin dayandırılmasından sonra gələcək işlərin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçiriləcək".

Qeyd edək ki, Azərbaycan hökuməti hələ 2019-cu ilin yanvarında DB-dən layihənin dayandırılmasını və qalan kredit məbləğinin qaytarılmasını istəmişdi. Bu müddət ərzində DB kreditin bir hissəsinin gözlənilən ləğvi nəzərə alınmaqla, kredit çərçivəsində tamamlanmalı olan işlərin həcmini hesablayıb: "Beləliklə, layihənin dörd komponentinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 66,7 milyon dollarlıq kreditdən 15,504 milyon dollar istifadə edilib".

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər