330x110
 

Manatın dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verir – Mərkəzi Bank

13.12.2019,14:06


13 dekabr, Fineko/abc.az.  Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın açıqladığı məlumatda qeyd olunub. Bankın açıqlamasına görə, faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir. Real sektor monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meylinə malik olmuş, bütövlükdə indeks neqativ zonada qərarlaşıb.

Son meyilləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər edib. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8-3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.  

 

Müəllif: Elmir Murad