Dövlət Neft Fondundan büdcəyə transferin azalan həcmini qeyri-neft sektoru kompensasiya edəcək – Vüsal Qasımlı

17:00 - 17.12.2019


17 dekabr, Fineko/abc.az. 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələri yeni büdcə qaydalarına əsasən hazırlanıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı prezidentin təsdiq etdiyi 2020-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu şərh edərkən deyib.

Onun sözlərinə görə, büdcə xərcləri bir ildə 3 faizdən çox arta bilməz. Azərbaycan infrastruktur, orta təbəqə və ordu quruculuğu sahəsində nailiyyətlər əldə etdikdən sonra büdcə qaydalarını tətbiq etməklə fiskal dayanıqlılığa üstünlük verir deyə V.Qasımlı qeyd edib ki, beləliklə, növbəti ildə 4,6 faizlik inflyasiya proqnozu nəzərə alınmaqla icmal büdcə bu illə müqayisədə 2 117 milyon manat və ya 7,7 faiz artmaqla 29 488 milyon manata çatır: “Fiskal dayanıqlılığın daha bir əlaməti odur ki, prezidentin tapşırığına uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti növbəti ildə daha 1 faiz azalaraq 29,1 faizə endiriləcək. Bu o deməkdir ki, icmal büdcə getdikcə neftdən daha az asılı olur. Xüsusən də nəzərə almaq lazımdır ki, gələn il sosialyönlü xərclər 2,6 milyard manat və ya 33,5 faiz çox proqnozlaşdırılıb. Bir tərəfdən neft qiymətlərinin hər barelə görə növbəti ilin büdcəsində 5 dollar və ya 8,3 faiz az götürülməsi, digər tərəfdən isə sosial xərclərin 33,5 faizlik artımı fonunda büdcə qaydalarının pozulmaması fiskal dayanıqlılğın güclənməsi anlamına gəlir. Gələn il Dövlət Neft Fondundan büdcəyə transferin və hasilatın pay bölgüsü üzrə mənfəət vergisinin azalan həcmini qeyri-neft sektoru kompensasiya edəcək.”

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər