AccessBank-ın yeni strateji inkişaf planı təsdiqləndi

12:57 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. AccessBank-ın 2020-2022-ci illər üzrə strateji inkişaf planı təsdiqlənib.

Sənəd 3-4 dekabr tarixlərində keçirilən Müşahidə Şurasının iclasında müzakirə olunub. Bundan sonra üç illik strateji inkişaf planı dekabrın 5-də baş tutan səhmdarların növbədənkənar yığıncağında təsdiqlənib.

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, sənədə əsasən, biznesin həcminin genişləndirilməsi, əməliyyat effektivliyinin və risklərin idarəolunması sisteminin səmərəliyinin artırılması 2020-ci il və növbəti dövr üçün əsas prioritet olacaq.

"AccessBank-ın əsas maliyyə göstəriciləri inamlı artım nümayiş etdirir. 2019-cu ilin noyabr ayında bankın xalis mənfəəti 3 milyon manat təşkil edib ki, bu da bizim gözləntilərimizi üstələyib. Eyni həcmdə mənfəətin əldə olunmasını dekabr ayı üçün də proqnozlaşdırırıq. Bununla yanaşı, AccessBank 2020-ci ildə mənfəətə çıxmağı planlaşdırır. Ümumilikdə, gələn ilə olduqca böyük optimizmlə baxırıq. Bankımız mikro və kiçik biznesin maliyyələşdirilməsi sahəsində lider mövqeyini qoruyur. Əhali tərəfindən AccessBank-a göstərilən etimad yüksək olaraq qalır ki, geniş və artan əmanətçi bazamız bunun bariz nümunəsidir. Əsas biznes proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırmanın yüksəldilməsi və özünəxidmət zonalarının genişləndirilməsi ilə bağlı həyata keçirdiyimiz bir sıra layihələr hədəflərimizə çatmaq üçün əsas amillər olacaq", - sədr qeyd edib.

 

Bütün xəbərlər