Aqrar Sığorta Fondu sığorta bazarını gücləndirəcək - Nazir

11:38 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması kənd təsərrüfatının  inkişafını təmin edəcək əsas amillərdən biri kimi qəbul olunmalıdır. 

ABC.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə bildirib.

Bu il Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunduğunu xatırladan nazir qeyd edib ki, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib: “Bununla da ölkəmizdə ilk dəfə aqrar sğıortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrart sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Bu model dövlət-özəl sektor əməkdaşlığına əsaslanır. Dövlət aqrar sığorta orqanı vasitəsilə sığorta risklərini öz üzərinə götürəcək, bir hissəsini isə təkrar sığorta vasitəsilə yenidən özəl sektora ötürəcək. Aqrar Sığorta Fondu Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin tərkibi” haqqında qərarında göstərilmiş məhsullar üzrə sığorta prosesində iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək. Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək.

Qeyd edək ki, gələn ildən Azərbaycanda aqrar sığorta sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər