Azərbaycanın ixracında pomidor qızılı üstələyib – Qeyri-neft malların siyahısında birinci oldu

16:28 - 28.12.2019


28 dekabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (166,7 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda (157,7 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 milyon dollar) üçüncü olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda göstərilib.

“İxrac icmalı”nda qeyd olunub ki, ümumiyyətlə, 2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 168,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 milyon, pambıq lifi ixracı 108,8 milyon,  kimya sənayesi məhsullarının ixracı 95,5 milyon, elektrik enerjisinin ixracı 76 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 milyon, şəkər ixracı  26,4 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz,  pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz  artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər