2019-cu ildə maliyyə sahəsində ən yadda qalan hadisələr - Ləğv olunan qurum, tətbiq olunan yeniliklər

12:34 - 29.12.2019


29 dekabr, Fineko/abc.az. 2019-cu il artıq bitmək üzrədir.

Təbii ki, bu il hər sahədə olduğu kimi bank və maliyyə sektorunda da bir sıra maraqlı və vacib hadisələrlə yadda qaldı.

ABC.AZ xəbər verir ki, bu ilin ən gözlənilməz hadisəsi Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv olunması oldu. Əslində son dövrlər bir sıra ekspertlər Palatanın ləğv olunacağı proqnozunu verirdi, lakin bunun bu qədər tez olacağı da gözlənilmirdi. Belə ki, mütəxəssislər Palatanın ən yaxşı halda 2020-ci ildə ləğv olunacağını düşünürdü.

Maliyyə və sosial sahədə ən çox gözlənilən məsələlərdən biri də icbari tibbi sığortanın 2020-ci il yanvarın 1-dən bütün ölkə üzrə tətbiq olunması idi. Gözləntilər isə fiaskoya uğradı. Məlum oldu ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi biraz da yubanacaq və mərhələli şəkildə tətbiq olunacaq.

Sözügedən məsələ yenicə açıqlanmışdı ki, ardınca əmlak sığortasının da məcburi qayda da tətbiq olunacağı xəbəri ildırım sürəti ilə bütün ölkəyə yayıldı. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yanvarın 1-dən mənzilini sığortalamayanlar cərimələnəcək. Cərimənin özündə də maraqlı bəndlər var. Belə ki, mənzilini sığortalamadığı məlum olan ev sahibi hər 20 gündən bir 30 manat cərimə ödəməli olacaq. Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri mənzil sığortasının vacib və müsbət hal olduğunu dilə gətirsə də, bir çoxları bu cür sığortaların könüllü qayda da olmasının tərəfdarıdır.

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz kimi ləğv olunan Palatanın səlahiyyətləri Mərkəzi Banka verilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər