Barama məktəblilər üçün yeni layihəyə başlayır

13:35 - 22.12.2017


Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə məktəblilərin inkişafına yönəlik daha bir layihənin icrasına başlayır.

Yeni layihə “Azərbaycan Britaniya Kolleci” ilə birlikdə həyata keçiriləcək. 21 dekabr tarixində Azercell və  “Azərbaycan Britaniya Kolleci” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olunacaq. “Sahibkarlıq məktəbi”, “İT məktəb” və “İT Media” adlı 3 hissədən ibarət olan proqramda  sahibkarlığın əsasları, uğurlu startapların nümunələri və təqdimatlar, proqramlaşdırmanın əsasları kimi təlimlərin aparılması nəzərdə tutulur.

Bundan əlavə, şagirdlərə məktəbdən real biznes aləminə daxil olanadək dəstəyin göstərilməsi, praktiki seminarların aparılması, yay-qış məktəbi proqramlarının, məktəblilər arasında Hackaton yarışmalarının təşkili və İT üzrə Olimpiadalara hazırlıq kurslarında məktəblilərin iştirakı da proqrama daxildir. Onu da qeyd edək ki, əməkdaşlıq çərçivəsində məktəbdə şagirdlər üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisi açılacaq.

Nəzərinizə çatdıraq ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bir müddət əvvəl məktəblilər üçün daha bir layihə həyata keçirdi. “Coding Kids – Summer IT School” adlı layihə çərçivəsində uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azercell Telekom MMC tərəfindən Azərbaycanda biznes innovasiyasını artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirmək məqsədilə yaradılıb.

Bütün xəbərlər