Neft Fondunun investisiya portfelinin məcmu dəyəri açıqlandı - 71,2 milyard manata bərabər götürülür

12:06 - 30.12.2019


30 dekabr, Fineko/abc.az. 2020-ci ildə Dövlət Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, bu prezident tərəfindən təsdiq olunan gələn ilin dövlət büdcəsində qeyd olunub.

Sözügedən məsələ ilə bağlı prezidentin imzaladığı Fərmana əsasən 2020-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 71,2 milyard manata bərabər götürülür.

Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə fondun investisiya portfelinin məcmu dəyərinin 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 20 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər