Hesabından pul silinən müştəri bankdan kompensasiya ala bilərmi? – Ekspertdən açıqlama

15:00 - 7.01.2020


7 yanvar, Fineko/abc.az. Bir müddət əvvəl "Rabitəbank" ASC-nin plastik kartlarından vəsaitlərin silindiyi xəbəri yayılmışdı. Daha sonra bank açıqlama yayaraq problemin "Rabitəbank"-ın müştərilərinə ödənişlərin daha rahat həyata keçirmələri və ödənişlərinin tarixçələrini rahat izləyə bilmələri üçün yeni imkanların tətbiqinə hazırlaşmasından qaynaqlandığını bildirmişdi.

Sözügedən problem belə hallarda müştərilərin banklardan kompensasiya tələb edib-etməməsini gündəmə gətirdi. Bəhs olunan məsələ ilə bağlı bank üzrə ekspert Əkrəm Həsənova müraciət etdik.

Ekspert ABC.AZ-a açıqlamasında bildirdi ki, hesablarda vəsaitin qalması və ya silinməsi müasir cəmiyyətimizin əsas təhlükələrindən biridir. Hesablardan pulun silinməsi və ya buna bənzər problemlərin informasiya texnologiyalarında yaranan nasazlıqdan qaynaqlandığını vurğulayan ekspert bildirdi ki, biz hər şeyi informasiya texnologiyalarına etimad etsək də onlar müəyyən alqoritmlərlə işləyir. Ekspertin fikrincə, sözügedən problem nəticəsində əgər hansısa müştəri zərərə məruz qaldığını sübuta yetirsə onda əlbəttə bank ona kompensasiyanı ödəməlidir: “Vətəndaş deyir ki, hansısa bir dənə vacib ödəniş etməli idi və məhz həmin anda kartda vəsait olmadığı üçün ödəniş edə bilməyib deyə zərərə məruz qalıb. O zərəri sübut etməlidir. Həmin halda təbii ki, o bankdan kompensasiya tələb edə bilər. Əks halda yox. Tutalım ki, təsaüdəfən informasiya texnologiyalarında yaranmış problemi nəticəsində hesabdan pul silinib və sonra da yerinə qaytarılıbsa kompensasiya tələb edilməsi məntiqsizlikdir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər