330x110
 

Azərbaycana bir ildə 3 milyondan çox turist gəlib – Asiya ölkələri üstünlük təşkil edir

08.01.2020,14:22


8 yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3,17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,4% artım deməkdir.

ABC.AZ Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir ki, artıma səbəb Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələrindən gələn turistlərin çoxalmasıdır.

Belə ki, Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 14,7% artım hesab olunur. Sözügedən qitədən daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25,3% artım), Almaniya (20 min nəfər və ya 19,4% artım), İtaliya (12 min nəfər və ya 10,8% artım) və Fransadan (9 min nəfər və ya 15,2% artım) gəlib. Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan müvafiq olaraq 66,8% və 12,9% artım qeydə alınıb. Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85% artıb. Bu regiondan Qazaxıstandan gələnlərin sayı da 26,1% artaraq 47 min nəfərə, Özbəkistandan gələnləri sayı isə 28,3% artaraq 23 min nəfərə çatıb. İsraildən gələnlər də 17% çoxalıb. Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46,7% artıb. Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62,4% artım müşahidə olunub. Artım həmçinin Cənubi Koreya üzrə 19,9%, Ukrayna üzrə isə 2,4% olub.

Qeyd edək ki, Azərbaycxanın növbəti turizm nümayəndəlikləri Cənubi Koreya və Ukraynada fəaliyyətə başlayacaq.

Müəllif: Elmir Murad