Neft Fondunun satdığı valyutanın həcmi dekabrda kəskin artıb – Samir Əliyev

16:52 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. İqtisadçı-ekspert Samir Əliyev Dövlət Neft Fondunun dekabr ayında satdığı xarici valyutanın həcmini açıqlamasına münasibət bildirib.

ABC.AZ xəbər verir ki, ekspert bildirib ki, Fond ötən ilin son ayında 886,35 milyon məbləğində dollar satıb və bu, son 4 ildə ən yüksək göstəricidir. Onun sözlərinə görə, dekabr aydında satılan dolların həcmi 2018-ci ilin müvafiq ayı ilə müqayisədə 31% çoxdur.

“Ümumilikdə isə yola saldığımız ildə Fond tərəfindən daxili bazarda 6,59 milyard dollar satılıb” deyə S.Əliyev vurğulayıb. 2018-ci ildə illik valyuta satışının həcmi 6,46 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2016-cı ildə 4,59 milyard dollar olub deyən ekspert hesab edir ki, burada diqqət çəkən məqam dekabrda valyuta satışının həcminin kəskin artmasıdır: “Fikrimcə, kəskin artım yüksək tələbatla yox, Neft Fondunun dövlət büdcəsi qarşısındakı öhdəliyi ilə bağlıdır. Belə ki, "2019-ci ilin dövlət büdcəsi haqqında" Qanuna əsasən, Fond tərəfindən dövlət büdcəsinə transfertlərin həcmi ümumilikdə 11,4 milyard manat olmalı idi. Bunun üçün büdcədə nəzərdə tutulan həcmdə dollar satışı (Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 6,69 milyard USD) həyata keçirməli idi. Ancaq ötən ilin 11 ayı ərzində Fond ümumilikdə 5,7 milyard USD satdığından öhdəliyin tam icrası üçün dekabr ayında 1 milyard dollara yaxın vəsait satmalı idi. Göründüyü kimi satılan valyutanın həcmi 886,35 milyon dollardır”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər