330x110
 

Sahibkarlarla görüşdə təklif - Valyuta tənzimi əvvəlki formaya qaytarılsın

13.01.2020,11:15


13 yanvar, Fineko/abc.az. Azərbaycanda sahibkarları narahat edən xüsusi məsələlərdən biri də valyuta tənzimi rejimi ilə bağlıdır.

Hal-hazırda qüvvədə olan Qaydalara əsasən xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməlidir.

ABC.AZ xəbər verir ki, bunu ötən həftə Mərkəzi Bankda sahkbakralarla keçirilən görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) sədri Məmməd Musayev deyib.

O, qeyd edib ki, həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə  və  ya qabaqcadan ödənilmiş  məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirlər: “Həyata keçiriləcək idxal əməliyyatlarının bir sıra obyektiv səbəblərdən xaricdəki avadanlıq istehsalçılarının öz planlamaları, sifarişlərin növbəliliyi, sifariş olunan avadanlıqların hazırlanmasının böyük və mürəkkəb texnoloji proses olması, hazırlıq prosesində texniki dəyişikliklərin edilməsi və maliyyə məsələləri, o cümlədən növbəti ödənişlərin edilməsində maddi problemlərin, gecikmələrin olması, xarici istehsalçıların müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsi və ya müqavilədə istehsal ediləcək avadanlığın hazırlanma müddəti ilə qanunvericilikdə qeyd edilən müddətin uyğunlaşmaması halları baş verir. Eləcə də avadanlıq hissələr şəklində daxil olaraq burada yığılır və bu zaman da sənədləşmədəki fərqləri əsas gətirərək sahibkarlara cərimə tətbiq edilir. Təklif edirik ki, valyuta tənzimi əvvəlki formaya 360 günə qaytarılsın və bundan əlavə bəzi mürəkkəb avadanlıqların idxalı zamanı xüsusi mexanizmlər, məsələn sövdələşmə tarixçəsi tətbiq edilsin”.

Müəllif: Elmir Murad