Samir Şərifov büdcədən danışdı - Azərbaycan tarixində ən böyük büdcə olacaq

12:15 - 14.01.2020


14 yanvar, Fineko/abc.az.  2019-cu ildə dövlət büdcəsinin xərclərində də əhəmiyyətli dəyişikliklər baş verib.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Maliyyə naziri Samir Şərifov bildirib. O bunu xərclərin strukturunda müəyyən dəyişikliklərin baş verməsi ilə əsaslandırıb. “Bu da onunla bağlıdır ki, il ərzində minimum əməkhaqqı iki dəfə artırılaraq, onun maliyyə təminatı təşkil edilib” deyə nazir əlavə edib. 2019-cu ilin büdcəsində vacib elementlərdən biri də, fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi məsələsidir deyən S. Şərifov vurğulayıb ki, bu məsələ ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində əhəmiyyətli tədbirlər həyata keçirilib: “640 milyon manat məbləğində vəsait dövlət büdcəsindən Mərkəzi Banka müvafiq bankların hesablarına köçürülməsi üçün təmin edilib. Bunun hesabına 593 min fiziki şəxs əziyyət çəkdiyi kreditlərlə əlaqədar dövlətdən faktiki olaraq böyük bir yardım alıb. Bununla yanaşı, fiziki şəxslərin problemli kreditlərinin həlli istiqamətində vacib addım manat ifadəsi ilə verilmiş kreditlərin ödəmə müddətinin beş ilədək uzadılması və eyni zamanda, faiz dərəcəsinin 1 faiz səviyyəsində müəyyən edilməsi idi. Bununla bağlı 214,5 milyon manat məbləğində verilmiş kreditlər Mərkəzi Bank tərəfindən Maliyyə Nazirliyinin dövlət zəmanəti ilə təmin edilib. 2020-ci il dövlət büdcəsinə gəlincə bu Azərbaycan tarixində xərc baxımından ən böyük büdcədir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər