Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun səviyyəsini keçib – Elman Rüstəmov

12:29 - 14.01.2020


14 yanvar, Fineko/abc.az.  İnflyasiya 2,6 faiz səviyyəsindədir. Bu, bütövlükdə MDB məkanında ən aşağı inflyasiya səviyyələrindən biridir və 2018-ci ildəki aşağı inflyasiya səviyyəsini də nəzərə alsaq, son iki ildə Azərbaycanda cəmi 2,1 faiz inflyasiya səviyyəsi qeyd olunub.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, bu, olduqca mürəkkəb bir şəraitdə, yəni böyük həcmli sosial paket, kreditlərin restrukturizasiyası, dünyada ərzağın qiymətlərinin 12 faiz bahalaşması fonunda baş verib. “Bizim iqtisadiyyat çox əlaqəli bir iqtisadiyyatdır və belə bir fonda, pul kütləsi həcminin təxminən 24 faiz qalxdığı bir şəraitdə aşağı inflyasiyaya nail olunub” deyə baş banker vurğulayıb. Aparılan sorğular göstərir ki, əhalinin inflyasiya gözləntiləri, yəni makroiqtisadi sabitlik, manatın məzənnəsinin sabitliyi fonunda olduqca stabil və əhalinin aşağı inflyasiya gözləntiləri var deyən E. Rüstəmov qeyd edib ki, bu da gələcəkdə inflyasiyanın idarə olunması üçün çox mühüm amillərdən biridir: “Valyuta ehtiyatlarımız bütövlükdə ümumi daxili məhsulun səviyyəsini ötüb keçib. Keçən il Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyi öz ehtiyatlarını artırıb və gəlirlilik əhəmiyyətli olub. Təxminən toplam olaraq hər iki qurum birlikdə ehtiyatların idarə olunmasından 700 milyon dollardan yuxarı gəlir əldə edib”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər